Azərbaycan standartı Serbiyada sürət qazanır

04 August 2025

Serbiya Prezidenti Aleksandar Vuçiç tikintisinə 2023-cü ilin sonunda başlanan və gələn ilin iyun ayına kimi başa çatdırılması planlaşdırılan Slepçeviç - Badovinci sürətli avtomobil yolunun tikintisi ilə maraqlanıb. Bu yol Azərbaycanın tanınmış yol tikinti şirkəti olan Azvirt MMC tərəfindən inşa olunur. Şirkətin tikinti meydançalarına Serbiyanın dövlət başçısı həmişə inamla gəlib, çünki təkcə o deyil, keyfiyyətin nə yerdə olmasına sadə serblər də 13 ildir şahiddir. Bu dəfə də Alaksandar Vuçiç təəccübünü gizlədə bilmədi. Elə sahəyə baxış zamanı ilk dediyi bu oldu: “Bu asfalt Formula-1 treki kimi parlayır və işlərin belə uğurla getdiyinə görə çox sevinirəm”.

Əslində Azvirt keyfiyyətli işi və Azərbaycan standartını layiqincə tətbiq etməklə artıq 13 ilə yaxındır ki, Serbiyada inam və etibarın formulasını çoxdan əldə edə bilib. Bundan başqa Bakıda 9-cu ildir ki, keçirilən Formula-1 “Azərbaycan Gran Prisi” üçün salınan trek də bu şirkətin zəhmətinin nəticəsidir. Bu illər ərzində cəmi bircə dəfə bəzi hissələrdə təmir işləri aparılmaqla yarış yolu öz keyfiyyətini qoruyub saxlaya bilib. Ona görə də Serbiyada inşa olunan yolların Formula yarış yolu təsirini bağışlaması tam normaldır və bunu Serbiyanın prezidenti də etiraf edir.

Azərbaycan standartı Serbiyada sürət qazanır
 

Slepçeviç - Badovinci yolu üzərində 5 körpü var və hər istiqamətdə iki zolaqlıdır. Prezident A.Vuçiç bildirib ki, 15,3 kilometr uzunluğunda olan Slepçeviç - Badovinci ekspress yolu Şabac-Loznitsa ekspress yolunun bir qolu kimi Serb Respublikası ilə birbaşa əlaqəni təmin edəcək. Bundan başqa Bosniya və Herseqovina ilə sərhəd keçid məntəqəsini birləşdirəcək. "Podratçı Azvirt şirkəti əla iş görür və insanlar Loznitsaya gedən yüksək sürətli yoldan məmnundurlar. Hər şeyin necə sürətlə qurulması və necə görünməsi demək olar ki, ağlasığmazdır. Bu asfalt Formula-1 treki kimi parlayır və işlərin belə uğurla getdiyinə görə çox sevinirəm. Zəhmətkeş xalqımızın əlləri ölkəni ucaldır, yollar salır, bunlar bizim ən böyük nailiyyətlərimizdir, Serbiyanın simasını dəyişən şeylərdir".

Qeyd edək ki, “AzVirt” bu günə qədər Serbiyada Liq-Prelina, Belqrad Dairəvi yolu, Ruma-Şabats-Loznitsa magistralını layihədə nəzərdə tutulan vaxtdan öncə inşa edərək təhvil verib.